Rusiya prezidenti Vladimir Putinin son illər çıxış etdiyi Valday Forumunda bütün görüşləri idarə etməklə diqqətləri üzərinə çəkən “Russian Global Affairs” jurnalının baş redaktoru Fyodor Lukyanov, ölkəsinin iş görə biləcəyi tərəfdaşlara ehtiyacı olduğunu və bunun Türkiyə üçün də keçərli olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Lukyanov Türkiyənin son illər regional siyasətdə rolunun artdığını ifadə edərək, "Etiraf etməliyik ki, Türkiyə imkanlar arsenalından çox məharətlə istifadə edir. Bu, həm coğrafi, həm də geostrateji mövqeyindən irəli gəlir. Montrö Konvensiyası, boğazlar, iqtisadi imkanlar bunların arasındadır. Bu da çox önəmlidir. Bu, usta bir xarici siyasət deməkdir. Ərdoğan pis adamın fürsətçilik, yaxşı adamın isə çeviklik və uzaqgörənlik deyəcəyi bir siyasət həyata keçirir" deyib.
Rusiyalı ekspert sözlərinə belə davam edib: "Təbii ki, Türkiyə bir oyunçu, təsir faktoru kimi böyüyür. Bunun Rusiya üçün üstünlükləri çoxdur. Çünki bizim indi iş görə biləcəyimiz tərəfdaşlara ehtiyacımız var. Qərblə iş görmək mümkün deyil, ancaq Türkiyə ilə bir sıra ehtiyat yerləşdirməklə bunu etmək olar. Çünki Türkiyə bizim üçün önəmli olan bölgələrdə təsirini artırır”.